Hemostaz testləri qanın laxtalanma sisteminin- hemostazın funksional vəziyyətini qiymətləndirmək üçün aparılan laborator müayinələr kompleksidir.
Hemostaz damar daxilində qanın maye vəziyyətdə saxlanılmasını və damar tamlığı pozulduqda qanamanın qarşısının alınmasını təmin edən mürəkkəb fizioloji mexanizmdir. Bu proses damar divarı, trombositlər, laxtalanma faktorları və fibrinolitik sistemin qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir.
Koaquloqrammanin əsas göstəriciləri
• Protrombin zamanı (PT):Qaraciyərdə sintezlənən protrombin zülalının qanamanı dayandırmaq üçün trombinə çevrilməsi zamanıdır. Bu göstərici laxtalanmanın ektrensek(xarici) və ümumi yollarını ,eləcə də qaraciyər funksiyalarını qiymətləndirmək üçün istifadə olunur.
• INR (Beynəlxalq normallaşdırılmış nisbət): Protrombin zamanının standartlaşdırılmış göstəricisidir. Warfarin və dikumarol qəbul edən pasiyentlərdə antikoaqulyant terapiyanın monitorinqi üçün istifadə olunur.
• APTT (Aktivləşdirilmiş parsial tromboplastin zamanı):Qanin laxtalanma müddətini və laxtalanma faktorlarinin funksionallıgını saniyə ilə göstərən kəmiyyətdir.APPT Laxtalanmanın intrensek (daxili) və ümumi yollarının və heparin terapiyasının izlənilməsində dəyərləndirilir.
• Fibrinogen: Qaraciyərdə sintez olunan və trombun əsas struktur komponenti olan fibrinin əmələ gəlməsində iştirak edən zülaldır. Qaraciyər xəstəlikləri,agır travmalar,sepsis,DİC və.s zamani fibrinogenin sintezinin azalması qanaxma riskini artirir.
Fibrinogen eyni zamanda kəskin faza zülalidır.Bu səbəbdən hamiləlik,infeksiyalar,iltihabi xəstəliklər zamanı qanda fibrinogen səviyyəsi yüksəlir. Fibrinogen testi qanaxma və tromboz riski,DİC sindromu diaqnostikası,qaraciyər funksiyalarının effektivliyi və iltihabi proseslerin monitorinqində dəyərləndirilir.
• Trombin vaxtı (TT): Fibrinogenin fibrinə çevrilmə prosesini qiymətləndirir.Antikoaqulyan terapiyanin monitorinqində istifadə olunur.
• D-dimer: Fibrinin parçalanma məhsulu olub,oqanizmdə laxtalanma və fibrinoliz proseslərinin aktivləşməsini göstərir.
Test dərin venaların trombozu(DVT),agciyər emboliyası,DİC,hamiləlikdə preeklampsiya və hestoz zamanı tromboz riskinin qiymətləndirilməsində istifadə olunur.
Hemostaz testləri hansı hallarda təyin olunur?
• Səbəbi məlum olmayan qanaxma və göyərmələr zamanı;
• Tromboz və tromboemboliya şübhəsi olduqda;
• Cərrahi müdaxilələrdən əvvəl və sonra;
• Qaraciyər xəstəliklərinin qiymətləndirilməsində;
• Antikoaqulyant müalicənin monitorinqində;
• Hamiləlik dövründə klinik göstəriş olduqda;
• Hemostaz sisteminin irsi və qazanılmış pozğunluqlarının araşdırılmasında.
Müayinəyə hazırlıq
Koaquloqramma üçün qan nümunəsi venadan, natrium-sitratlı (3,2%) xüsusi vakuum tüpünə götürülür.
Nümunənin düzgün götürülməsi və borunun tələb olunan həcmdə doldurulması nəticələrin etibarlılığı üçün vacibdir. Müayinədən əvvəl laborator təlimatlara əməl edilməlidir. Pasiyent qəbul etdiyi antikoaqulyant və digər dərman preparatları barədə həkimə məlumat verməlidir.
Qeyd: Test nəticələri tək başına diaqnoz olmayıb pasiyentin klinik vəziyyəti, anamnezi və digər laborator-instrumental müayinələrlə birlikdə klinik həkim tərəfindən dəyərləndirilməlidir

